Mingəçevirdə fəaliyyət göstərən iri işəgötürənlərlə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq filialının nümayəndələri Mingəçevir şəhərində fəaliyyət göstərən iri işəgötürənlərin insan resursları koordinatorları ilə görüşüblər.

 

İşəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün ilkin nəticəsi olaraq 3 işəgötürən peşə hazırlığına, 8 işəgötürən isə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı ilə bağlı müraciət edib.

 

Filialın nümayəndələri həmçinin, Mingəçevir Dövlət Universitetinin rektoru ilə də görüşüb. Görüşdə əmək bazarının mövcud tələbləri, tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Birgə əməkdaşlıq imkanları qiymətləndirilib və müvafiq layihələr çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə olunub.