“İrəliləyİş" layihəsinə müraciət edən işəgötürənlərin sayı 30-a çatıb

Gənclərə karyera yolunda ilk addımı atmaq və təcrübə keçmək imkanı yaradan "İrəliləyİş" layihəsinə müraciət edən işəgötürənlərin sayı artmaqda davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən layihəyə artıq 30 işəgötürənin qeydiyyatı aparılıb.

 

Layihə çərçivəsində şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırılacaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakı təmin ediləcək.

 

Ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək 1500 işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq.

 

Onlara “Əmək bazarının tələbləri”, “Düzgün CV/Rezyume hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Natiqlik və təqdimat bacarıqları”, “Şəxsi-brendinq”, “İstək və rəsmi e-məktubların yazılması”, “Tənqidi düşüncə və problemlərin yaradıcı həlli”, “Vaxtın idarəedilməsi”, “Liderlik və komanda işi”, “Ünsiyyət bacarıqları və böhran idarəetməsi” və s. mövzularda təlimlər keçiriləcək.

 

Təlimləri uğurla bitirən gənclər daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirak edəcəklər. Ətraflı məlumat və qeydiyyat üçün: www.irelileyish.az

 

Hər kəsin təcrübəsi olacaq, heç kim işsiz qalmayacaq!