Göyçay və Bakı Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarına start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay və Bakı Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarına start verilib.

 

Bakı Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslar “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “qeydiyyatçı”, “otel xadiməsi”, “bağban”, “vizajist, manikur, pedikur” və "ofisiant" peşələri üzrədir. 101 işsiz şəxsin cəlb olunduğu hazırlıq kursları işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Müdavimlərə  nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq. Qeyd edək ki, “Tikiş avadanlıqlarının operatoru, tikişçi” kursu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 15 nəfər üzvü üçün təşkil edilib.

 

Göyçay Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslar isə “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar”, “bərbər-vizajist-manikürçü”, “intensiv bağçılıq üzrə işçi”,  “qənnadçı, şirniyyatçı”, “çörək ustası” və “proqramla idarə olunan dəzgahların operatoru” sahələrini əhatə edir. Kurslara ümumilikdə 80 nəfər işsiz şəxs cəlb olunacaq.

 

Təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və işlə təmin olunacaqlar. 

 

Göyçay Peşə Hazırlığı Mərkəzində, həmçinin cari ilin avqust ayı üçün İsmayıllı rayonunun Basqal qəsəbəsində “Basqal” istirahət kompleksi ilə əməkdaşlıq çərçivəsində baş tutan peşə hazırlığı kursu başa çatıb. Kurslar “aşpaz”, “qeydiyyatçı (Mehmanxanada)”, “ofisiant” və  “otel xadiməsi (təmizlik işləri üzrə)” sahələrini əhatə edib və ümumilikdə 90 nəfər iştirak edib. Kursu bitirən şəxslərdən artıq 40 nəfəri işlə təmin edilib. Digər müdavimlərin də növbəti aylarda işlə təminatı həyata keçiriləcək.