Əhaliyə məşğulluq xidmətlərinin göstərilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində əhaliyə məşğulluq xidmətlərinin göstərilməsi sahəsində 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

 

500-dən çox əməkdaşın iştirak etdiyi onlayn iclasda Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın və əlçatanlığın təmin edilməsi üçün 2021-ci ildə məqsədyönlü addımların atıldığını vurğulayıb. 2022-ci ildə də məşğulluq sahəsində yeniliklərin tətbiqinin davam edəcəyini, aktiv məşğulluq proqramlarının əhatə dairəsinin daha da genişlənəcəyini deyib.

 

İclasda bildirilib ki, mühüm sosial əhəmiyyəti olan özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirilib, yeni biznes istiqamətləri yaradılıb. Həmçinin, sosial cəhətdən həssas qrupdan olan şəxslərin məşğulluğunun təminatı, peşə hazırlığının və peşəyönümü işinin təşkili sahəsində görülən işlərin nəticələri də qeyd edilib.

 

Bildirilib ki, il ərzində Agentlik tərəfindən postmüharibə tədbirlərinə də geniş yer verilib. Vətən müharibəsindən sonrakı dövrdə dəstək tədbirləri çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 8 minə yaxın şəxsin məşğulluğu təmin edilib. Həmin kateqoriyalara aid 5481 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. 2505 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 602 işəgötürən qoşularaq, 3865 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 1347 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

 
Rəqəmsal məşğulluğun Agentliyin fəaliyyətində əsas istiqamət kimi qəbul edildiyi vurğulanıb. Məlumat verilib ki, hazırda “Əmək münasibətləri və məşğulluq” altsistemi, ölkənin “Məşğulluq xəritəsi”, “Məşğul şəxslərin reyestri”, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “Monitorinq və Səyyar yoxlama sistemi” və “İctimai işlər portalı” hazırlanır.

 

İclasda 2022-ci ildə görüləcək işlər, qarşıda duran vəzifələr də müzakirə olunub.