Gənclərin məşğulluğuna dəstək üçün yeni layihələrə başlanır

Bu layihələrdə işəgötürənlərlə əməkdaşlıq ediləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir sıra şirkətlərin insan resursları üzrə məsul şəxsləri ilə online görüş keçirilib.

 

Görüşdə qeyd edilib ki, gənclərin məşğulluğuna dəstək üçün yeni layihələrə -“İşəgötürənlər üçün əməkhaqqı subsidiyası” və “Yay təcrübə proqramı” layihələrinə başlanacaq. 

 

Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun “İşəgötürənlər üçün əməkhaqqı subsidiyası” layihəsi çərçivəsində gənclərin işlə təmin olunması üçün müxtəlif şirkətlərlə əməkdaşlıq ediləcək.

 

Layihə çərçivəsində işə qəbul olunan gənclərin  əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək. Məqsəd gənc və hələ təcrübəsiz olan şəxslərin əmək bazarına çıxışını, məşğulluğunu təmin etməkdir.

 

“Yay təcrübə proqramı” isə ali təhsil müəssisələrinin son kurslarında təhsil alan tələbələrin və yeni məzun olmuş gənclərin məşğulluğunu təmin etmək məqsədi daşıyır. Dövlət Məşğulluq Agentliyi, Təhsil Nazirliyi və işəgötürənlər arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihə həmçinin gənc məzunlar üçün keyfiyyətli təcrübə proqramlarını reallaşdırmağa xidmət edir.

 

Görüşdə hər iki layihədən daha çox gəncin faydalanması üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.