“Gənclərin biznes emalatxanası” layihəsi iştirakçılarının növbəti təlim səfərləri olub

“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları olan 2 nömrəli Ağdam Peşə Məktəbinin sonuncu kurs tələbələri Ağcabədi rayonunda yerləşən "Atena” MMC-nin süd məhsulları emalı zavodunda və "Cahidoğlu” MMC-nin çörək və un məmulatları zavodunda olublar. Təlim səfərinin əsas məqsədi gənclərdə ilkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşmasıdır. Layihə iştirakçılarına zavodların fəaliyyəti haqqında ətraflı məlumat verilib, istehsal prosesi ilə tanış olublar.

 

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinə ötən ildən start verilib. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihə Ağdam, Cəlilabad və Qəbələ rayonlarında dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir.

 

Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar. Artıq Ağdam və Cəlilabad rayonlarında 125 nəfərin təlimləri başa çatıb və hazırda onlar üçün təlim səfərləri təşkil olunur. Təlim səfərinin ilk mərhələsində tələbələr “Azərxalça” ASC-nin Ağdam filialında olublar. Layihənin əhatə etdiyi Qəbələ rayonunda isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 153 nəfərin təlimləri hazırda davam edir. Təlimlərdən sonra burada da təlim səfərlərinin təşkili nəzərdə tutulur.