Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabad rayonunda biznes təlimlərinə start verilib.
Təlimdə Cəlilabadda peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edir. Cəlilabad Peşə Liseyində keçirilən təlimdə gənclər KOBİA-nın Cəlilabad KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və s. kimi ilkin biznes biliklərinə yiyələnəcəklər.
Bir həftə davam edəcək təlimlərə başlanması ilə bağlı təşkil olunmuş tədbirdə layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə məlumat verilib, suallar cavablandırılıb.
Layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, peşə təhsilinə marağın artırılmasıdır.
2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçiriləcək. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir.
Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir. Sonra həmin gənclərin KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunması, onlara mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərinin təşkili, təlimləri uğurla başa vuran gənclərin seçdikləri fəaliyyət sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təminatı nəzərdə tutulub.