“Gənclərin biznes emalatxanası” layihəsinə start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılır. “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılmasıdır.

 

2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcək.

 

Noyabrın 30-da müvafiq qurumların nümayəndələrinin və peşə təhsili alan gənclərin iştirakı ilə “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək layihənin peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsi, peşə təhsili bacarıqları və səriştələri əsasında yeni bizneslərin yaradılması, peşə təhsilinə marağın artırılması baxımından əhəmiyyətini qeyd ediblər.

 

Daha sonra layihənin icrasına dair üçtərəfli sənəd imzalanıb. Sənədi Mustafa Abbasbəyli, Orxan Məmmədov və Elnur Nəsibov imzalayıb.

 

Tədbirdə həmçinin, iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.