Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən daha 150 işsiz şəxs peşə hazırlığına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən sentyabr ayında daha 150 işsiz şəxs peşə hazırlığına cəlb edilib.

 

Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ Regional Məşğulluq filialı ilə birgə təşkil edilən kurslar əsasən ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, təchizat üzrə agent, intensiv bağçılıq üzrə işçi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, elektrik maşın, aparat və cihazlarının sazlayıcısı və yanacaqdoldurma stansiyalarının operatoru kimi sahələri əhatə edir.

 

Müdavimlər kurs müddətində nəzəri və praktiki biliklərə yiyələnəcək. İşəgötürənlərlə birgə təşkil edilən kursları uğurla bitirən şəxslər "Zümrüd" market, "Abu-Life Group", "Kur-Fruit Company", "AL Market" mağazalar şəbəkəsi, "Azəralüminium" MMC, "Əminə" market, "Pluton 77" MMC, "Zəki" kursları, "Nur" market, "Aliens" restoranı və "Baku" otelində işlə təmin ediləcəklər.