Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Caspian Energy Club”un növbəti B2G Forumu keçirilib

“Ölkədə əmək bazarında rəqəmsal ekosistemin yaradılması olduqca böyük əhəmiyyətə malikdir. Bunun biznes mühitinə müsbət təsirlərindən biri isə şirkətlər üçün yüksək məhsuldarlığın təmin olunmasıdır”. Bunu “Caspian Energy Club”un  B2G Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli bildirib.

 

M.Abbasbəyli məşğulluq xidmətlərinin daha əlçatan olmasını, şəffaflığı və ölkənin bütün insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin etmək məqsədilə Agentlik tərəfindən rəqəmsal layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. 

 

Qeyd edib ki, rəqəmsal məşğulluğun təşkili istiqamətində əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini təmin edən “Əmək və məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. Sistemin işəgötürənlər üçün əsas üstünlüyü işçi ilə rəsmi münasibətlər və sənədləşmələrin kağız daşıyıcılardan elektron formaya keçməsidir. 

 

Prosesin davamı olaraq artıq ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı və BACAR innovativ platformasının yaradılması üzrə işlər aparılır. Agentlik sədri bildirib ki, bu elektron xidmətlər şirkətlərin kadr inzibatçılığı yükünü azaldacaq və özəl sektor insan kapitalının yetişdirilməsinə, həmçinin öz inkişaflarını təmin etməyə daha çox vaxt sərf edə biləcəklər.