Əhaliyə məşğulluq xidmətlərinin göstərilməsi, bu xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal məşğulluğun təşkili sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edildi

Dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində aktiv məşğulluq tədbirlərinin və  rəqəmsal məşğulluğun təşkili, ərazi məşğulluq mərkəzlərinin yenidən qurulması, mərkəzlərin işinin təkmilləşdirilməsi sahələrində 2020-ci ildə görülən işlər və nəticələri müzakirə edilib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin məşğulluq imkanlarının artırılması, xidmətlərinin keyfiyyətinin artırılması, bu xidmətlərdə şəffaflığın, operativliyin və əlçatanlığın təmin edilməsi üçün 2020-ci ildə məqsədyönlü addımların atıldığını vurğulayıb. 2021-ci ildə də məşğulluq sahəsində yeniliklərin tətbiqinin davam edəcəyini, aktiv məşğulluq proqramlarının əhatə dairəsinin daha da genişlənəcəyini deyib.

 

İclasda bildirilib ki, dövlət başçısının təşəbbüsü ilə Agentlik tərəfindən icra olunan və mühüm sosial əhəmiyyəti olan özünüməşğulluq proqramına il ərzində ümumilikdə 12  min şəxs cəlb edilib. 2021-ci il üçün özünüməşğulluq proqramının icra mexanizminin təkmilləşdirilməsi davam etdirilməklə, proqramın əhatə dairəsi daha da genişləndiriləcək. Proqram çərçivəsində həssas əhali qrupları üçün təsərrüfat və müəssisələrin yaradılması nəzərdə tutulan iqtisadi fəaliyyət növlərinin də sırasına yeniləri əlavə olunacaq.

 

İclasda məşğulluğun təminatı, peşə hazırlığının və peşəyönümü işinin təşkili sahəsində görülən işlərin nəticələri qeyd edilib.


Rəqəmsal məşğulluğun Agentliyin gələcək fəaliyyətində əsas istiqamət kimi qəbul edildiyi vurğulanıb. Məlumat verilib ki, hazırda bütün əmək münasibətlərini,  həmçinin məşğulluq məlumatlarını, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil üzrə funksional istiqamətləri özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlanır. Bu altsistem ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatında olacaq. Habelə ölkənin “Məşğulluq xəritəsi”, “Məşğul şəxslərin reyestri”, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “Monitorinq və Səyyar yoxlama sistemi” və “İctimai işlər portalı” da hazırlanır.

 

İəgötürənlərin məşğulluq mərkəzlərinə kağız üzərində hesabatlar verməsi mexanizmi 2020-ci ildə ləğv edilərək elektron müstəvidə qurulub, işsiz şəxslərin elektron qeydiyyatı sistemi və həmin şəxslərə müraciət etmədən e-qaydada qeydiyyata alınmaq imkanı yaradılıb. Onlayn vakansiya bankı formalaşdırılıb, fərdi məşğulluq proqramlarının elektron tərtibatı funksiyası qurulub.


Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq tədbirlərinə cəlb edilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb.


İclasda 2021-ci ildə görüləcək işlər, qarşıda duran vəzifələr də müzakirə olunub.