“Yeni iqtisadi və əmək bazarı tendensiyaları, onların bacarıqların inkişaf etdirilməsinə mümkün təsirləri” mövzusunda görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Yeni iqtisadi və əmək bazarı tendensiyaları, onların bacarıqların inkişaf etdirilməsinə mümkün təsirləri” mövzusunda onlayn görüş keçirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev aktiv məşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində ölkəmizdə aparılan işlər barədə məlumat verib. O, dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əmək bazarı iştirakçıları üçün əlçatanlığını və effektivliyini təmin etmək üçün rəqəmsal məşğulluğun qurulması işlərini qeyd edib. Fərdi məşğulluq proqramlarının da artıq e-qaydada tərtib olunduğunu vurğulayıb.

 

Nazir müavini peşə hazırlığı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi prosesini, habelə beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlanması üçün görülən işləri diqqətə çatdırıb. A.Əliyev Avropa Təlim Fondu ilə ötən dövrdə formalaşan  sıx əməkdaşlıq təcrübəsini qeyd edib, birgə işlərin peşə hazırlığı sisteminin inkişafında mühüm dəstək olduğunu deyib.

 

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri, əmək bazarı, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının və peşəyönümü tədbirlərinin təşkilindən danışıb, aparılan islahatlar barədə məlumat verib.

 

Görüşdə  məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və Avropa Təlim Fondu tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində “İşin gələcəyi – Şərq Tərəfdaşlığı ölkələrində məşğulluğun yeni formaları: Platforma işi” adlı tədqiqatın Azərbaycana dair nəticələri barədə təqdimatlar edilib, müzakirələr aparılıb.

 

alt text