Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Koreyaya səfər edib

Koreyanın Seul şəhərində Təhsil və Peşə məsləhəti üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə “IAEVG2022 International Conference” təşkil edilib. 

 

Beynəlxalq tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti də iştirak edib. Konsfransda “COVID-19 və Rəqəmsal transformasiya: peşə seçimi, təhsil perspektivləri və məşğulluq problemləri” istiqamətində fikir mübadiləsi aparılıb.

 

Tədbirdə müxtəlif ölkələrin təcrübə və tətbiqlərini əhatə edən çıxışlar, məqalə və araşdırma təqdimatları və müntəzəm müzakirə sessiyaları baş tutub.

 

Konfransda Dövlət Məşğulluq Agentliyinin məşğulluğun artırılması üçün həyata keçirdiyi yeni strategiyalar, Mərkəzi Karyera filialının əsas fəaliyyət istiqamətləri, təşkil edilən layihələr (Peşələr Festivalı, İxtisas Bələdçisi, Azərbaycan Karyera İnkişaf Forumu, Alo Karyera, CV Yarat və s.) və əldə edilən nəticələr barədə geniş məlumat verilib.

 

“IAEVG2022 International Conference” konfransı Koreya, Yaponiya, ABŞ, Avstraliya, İspaniya, Belçika kimi ölkələrin məşğulluq üzrə dövlət nümayəndələri, araşdırmaçılar, həmçinin Koreya Respublikasının rəsmilərinin iştirakı ilə baş tutub.