Dövlət Məşğulluq Agentliyində təcrübə proqramının açılışı baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən start verilən təcrübə proqramının açılışı baş tutub. “İrəliləyİş” layihəsi çərçivəsində təşkil edilən proqram üçün 43 namizəd seçilib və onlar Dövlət Məşğulluq Agentliyində 3 aylıq təcrübəyə cəlb olunub.

 

Açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli təcrübəçilərlə görüşüb, onlara gələcək fəaliyyətlərinə dair tövsiyələr verib və uğurlar arzulayıb. Agentliyin hər zaman gənclərə dəstək məqsədilə proqram və layihələr həyata keçirdiyini bildirən M.Abbasbəyli “İrəliləyİş” layihəsinin və Agentlikdə təcrübə proqramının bu istiqamətdə növbəti addım olduğunu qeyd edib.

 

Daha sonra Mərkəzi Karyera filialının əməkdaşı Əli Qurbanlı təcrübəçilərə karyera planlaması istiqamətində təlim keçib.   

 

Təcrübə proqramı ilə namizədlər:

 

  • Yumşaq bacarıqları və texniki biliklərini inkişaf etdirmək üçün praktiki iş təcrübəsi;
  • Yüksək səviyyəli mentorlarla ünsiyyətdə olmaq və onlardan iş prinsiplərini öyrənmək;
  • Real korporativ mühitdə çalışmaq imkanı;
  • Güclü komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübə qazanmaq;
  • Təcrübə proqramının sonunda təşəkkürnamə və ya sertifikatla təltif olunmaq;
  • Təcrübə proqramını uğurla bitirən təcrübəçilərin komandamıza qoşulmaq şansı əldə edəcəklər.

 

Təcrübə proqramında iştirak üçün təhsilini son 3 ildə tamamlayan məzunlar və hazırda magistr pilləsində təhsil alan, analitik düşünmə bacarığına malik, operativ və məsuliyyətli gənclər seçilib. Müraciət edən şəxslər ilk olaraq test mərhələsinə, daha sonra isə müsahibəyə cəlb olunub.