Dövlət Məşğulluq Agentliyi XII Məzun-Karyera sərgisində təmsil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Dövlət Məşğulluq Agentliyi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azərcell”, “Azerfloat” QSC və digərləri  iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgötürənlərin qarşılıqlı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki, tələbələr və universitetlərlə əməkdaşlıq əmək bazarına olan tələbləri ehtiva edir. M.Abbasbəyli əlavə edib ki, gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına uyğun işlə təmin olunması da daim diqqət mərkəzində saxlanılmalıdır.

 

Daha sonra qonaqlar, tələbə və məzunlar sərgidə iştirak edən qurumların stendləri ilə tanış olublar. Şirkət nümayəndələri təqdim etdikləri vakansiyalar və təcrübə proqramları barədə məlumat veriblər.