Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə artıq 100-dək şəxsi peşə kurslarına cəlb edib

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkil olunması işlərini davam etdirir.

 

Agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur üzrə artıq 100-dək şəxs peşə kurslarına cəlb edib.

 

Onlara kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid olan, əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Ödənişsiz və müddəti 6 aya qədər olan bu kursları bitirənlərin işlə təminatına da dəstək göstəriləcək.

 

Qeyd olunan ərazilərə köçürülmüş, habelə köçürülməsi nəzərdə tutulan şəxslərdən müraciət edərək qeydiyyata alınmış daha 121 nəfər üçün isə peşə kurslarının təşkili məqsədilə işlər aparılır.

 

Peşə kurslarına:

  • Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird kəndləri,
  • Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi,
  • Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi,
  • Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri,
  • Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri,
  • Kəlbəcər şəhəri,
  • Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi,
  • Xankəndinin Kərkicahan qəsəbəsi,
  • Qubadlının Mahruzlu, Zilanlı kəndləri,
  • Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri,
  • Ağdamın Xıdırlı, Kəngərli,Sarıcalı kəndləri, 
  • Xocavəndin Xocavənd kəndinə

 

artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər cəlb edilir.

 

Həmin kurslara DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.