Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sahəsində yeni Dövlət-Özəl tərəfdaşlığı formatına keçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı sahəsində maraqlı tərəflərlə əməkdaşlığa dair görüş təşkil edilib.

 

Görüşdə 18 müxtəlif müəssisənin rəhbər şəxsləri, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov, eləcə də Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev, Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə, Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova, Peşə hazırlığı şöbəsinin müdiri Kənan Bağırov iştirak edib.

 

alt text

 

Görüşün məqsədi Dövlət-Özəl sektoru arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, vətəndaşların məşğulluq imkanlarını və peşə hazırlığının səmərəliliyinin artırılması üzrə qarşılıqlı fəaliyyət sistemini formalaşdırmaq olub.

 

Görüş zamanı tədbir iştirakçılarına peşə hazırlığının təşkili üzrə Dövlət Məşğulluq Agentliyinin tətbiq etdiyi fəaliyyət planları barədə məlumat verilib. Həmçinin Dövlət sifarişi əsasında Özəl müəssisələrdə peşə hazırlığını həyata keçirmək, kvalifikasiyasız məşğul şəxsləri peşə hazırlığına cəlb etmək, layiqli iş yeri və layiqli əməkhaqqını təmin etmək istiqamətində mövcud imkanları müzakirə edilib.

 

alt text

 

Görüşdə çıxış edən "Bank Tədris Mərkəzi" nin direktoru Cavanşir Abdullayev, "Araz" Akademiya Təlim Mərkəzinin İnsan Resursları üzrə direktoru Şəfa Zeynalova, "TCS" Təlim Mərkəzinin direktoru Anar Məlikov, “Okuklu Academy” nin direktoru Yılmaz Okuklu, “Code Academy”nin direktoru Ülvi Aslanov, “ATL Academy” nin icraçı direktoru Mehriban Rəsulova peşə hazırlığı sahəsində təmsil etdikləri qurumlarda tətbiq edilən meyarlar, əsas tutduqları prinsiplər, iştirakçıların əmək bazarına inteqrasiyası, onların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat veriblər və bu istiqamətlərdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

alt text

 

Görüş iştirakçıları təşkil edilən müzakirələrin əmək bazarı üçün faydalı kadrların yetişdiriməsi istiqamətində önəmini vurğulayıblar və gələcəkdə daha sıx əməkdaşlığın qurulması, bu tip görüşlərin fərdi, eləcə də kollektiv formada müntəzəm təşkil edilməsinin vacibliyini qeyd ediblər.