DOST mərkəzlərində məşğulluq xidmətlərinin yeni konsepsiya üzrə tətbiqi məsələləri müzakirə olunub

Sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən təqdim edildiyi DOST mərkəzlərində məşğulluq xidmətləri yeni məşğulluq konsepsiyası əsasında daha da təkmilləşdiriləcək.

 

Yeni konsepsiyanın tətbiqi məsələlərinə dair iclasda DOST mərkəzlərində xidmətlərin vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərildiy, bu xidmətlərin mütəmadi təkmiləşdirilməsi işlərinin aparıldığı qeyd edilib 

 

Bildirilib ki, bu ilin 9 ayında DOST mərkəzlərində 471,5 min şəxsə xidmət göstərilib, vətəndaşların məmnunluq səviyyəsi  98,9 faiz təşkil edib. Ümumən DOST mərkəzləri açıldıqları 2019-cu ilin may ayından 1 oktyabr tarixinə qədər 1 milyon 122 min 650 şəxsə xidmət göstərilib.

 

Qeyd olunan xidmətlərin bir istiqaməti də məşğulluq yönümlü olmaqla, işsiz və işaxtaran şəxslərə onların aktiv məşğulluq proqramlarına cəlb olunmasına dəstək göstərilib.  

 

Yeni məşğulluq konsepsiyasının DOST mərkəzlərində tətbiqi bu xidmətlərin çevikliyini və effektivliyini  daha da artırmaqla, xüsusilə fərdi məşğulluq proqramının tərtib edilməsi əsasında təşkilinə yönələcək. Proqramdakı ardıcıllığa uyğun olaraq şəxsin müvafiq məşğulluq tədbirinə cəlb edilməsi istiqamətində işlər aparılması, eyni zamanda proqram üzrə icra prosesinə daimi nəzarət təmin ediləcək.

 

Nəticə etibarilə bu islahat işsiz şəxsə onun əmək bazarına çıxışına dəstək üçün daha uyğun məşğulluq tədbirinin təyin edilməsinə, işədüzəltmə sayının, xidmətlərdə səmərəliliyin və eyni zamanda işəgötürənlərin məmnunluq səviyyəsinin daha da artmasına, vahid, sistemli yanaşmanın tətbiqinə, daha real nəticələr əldə edilməsinə yönəlib.

 

İclasda DOST mərkəzlərində məşğulluq xidmətlərinin yeni konsepsiya üzrə tətbiqinə dair layihə nəzərdən keçirilərək layihənin reallaşdırılması ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.