Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi dönər biznesi ilə məşğul olan obyektlərin texniki normativ tələblərə uyğun qurulması üzrə layihənin iştirakçılarının aktivlərlə təminatına başlayıb.
Bu gün Agentlik tərəfindən Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən iki fiziki şəxsə müasir avadanlıqlar verilib. Həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə qəbul edilməsi də nəzərdə tutulur.
“Dönərxanaların sağlamlaşdırılması” adlı layihə Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABAD-la birgə icra olunur. İlkin mərhələdə paytaxt və bölgələrdə 20 dönər obyektinin sağlamlaşdırılması üçün müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub.
KOBİA layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edir. ABAD isə layihə iştirakçılarının seçimi, potensial və biznes idarəetmə səriştəliliyinin dəyərləndirilməsi, təlimlərin təşkili, hüquq və mühasibatlıq üzrə məsləhət xidməti və s. üzrə öz dəstəyini verir.
Layihə əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.