Dövlət Məşğulluq Agentliyi ilə ADNSU arasında memorandum imzalandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənədin imzalanması tədbirində Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında məlumat verib. O, bildirib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanması, məşğulluq səviyyəsinin yüksəldilməsində səmərəli nəticə verir. M.Abbasbəyli o cümlədən ADNSU ilə əlaqələrin qurulmasının hər iki tərəf üçün perspektivli olacağını qeyd edib.

 

ADNSU-nun rektoru Mustafa Babanlı Universitetin fəaliyyəti, burada tədris olunan peşə və ixtisaslar haqqında məlumat verib, Universitet məzunlarının işlə təmin olunma göstəricisinin ürəkaçan olduğunu deyib. O, əlavə edib ki, məşğulluq səviyyəsinin yüksəldilməsi və gənclərin uyğun işlə təmin olunması istiqamətində Dövlət Məşğulluq Agentliyi kifayət qədər müasir, yeni yanaşmalarla bir çox nailiyyətlərə imza atıb və universitetlə birgə əməkdaşlıq nəticəsində də yüksək nəticələr əldə olunacaq.

 

Qarşılıqlı fikir mübadiləsi, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə daha sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memoranduma əsasən, tərəflər müxtəlif sahələr üzrə mühəndis kadrlara olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcək.

 

Sənəddə məzunların məşğulluğunun və əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədilə məzun yarmarkalarının və digər tədbirlərin keçirilməsi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, startapların və inkubasiya mərkəzlərinin yaradılması, birgə innovativ layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.