Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri növbəti onlayn vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində növbəti vətəndaş qəbulu baş tutub. Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edərək müraciətlərini cavablandırıb.

 

Videoformatda keçirilən görüşdə Bakı və Qarabağ Regional Məşğulluq filiallarına qəbul üçün müraciət edən vətəndaşlar iştirak edib. Səsləndirilən müraciətlər əsasən işlə təminat və işsizlikdən sığorta ödənişinin təyin olunması ilə bağlı olub.

 

Vətəndaşlara “Məşğulluq” altsistemində mövcud olan vakansiyalara müraciət qaydaları barədə məlumat verilib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məşğulluq tədbirlərinə müraciət qaydaları izah edilib, eləcə də işsizlikdən sığorta ödənişinin təyinatı istiqamətində suallar cavablandırılıb. 

 

Əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.