Dərzi peşəsi üzrə hazırlıq kursu təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Bakı Tikiş Evi arasında əməkdaşlıq çərçivəsində təşkil olunan dərzi peşəsi üzrə hazırlıq kursunun 15 nəfərdən ibarət ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində təlimlər başlanıb. 


Təlimlərə qatılmaq məqsədilə Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar ilk mərhələdə müsahibədə iştirak ediblər. Bu mərhələni uğurla başa vurduqdan sonra təlimlərdə iştirak haqqı qazanıblar. 


Kursun keçiriləcəyi iki ay müddətində müdavimlər hər ay təqaüd alacaq. Təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə başa vuran məzunlara peşə sertifikatı təqdim olunacaq və onlar Bakı Tikiş Evində müvafiq işlə təmin olunacaqlar.  


Hazırda növbəti qruplar üçün dərzi kursuna qeydiyyat və müsahibələr davam edir. Dərzi peşəsi üzrə təlimlərə qatılıb kurs sonunda bu istiqamətdə işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhəri, eləcə də Abşeron rayon sakinləri qeydiyyat üçün müvafiq Ərazi Məşğulluq Filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilərlər.

 

alt text