Daha bir qrup şəxs heyvandarlıq sahəsində aktivlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə icra etdiyi “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində daha bir qrup şəxs aktivlərlə təmin edilib.

 

Gəncə şəhəri və ətraf rayonlarda yaşayan əsasən şəhid ailəsi üzvlərindən və Vətən müharibəsi iştirakçılarından ibarət olan 25 vətəndaşa simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib.

 

Verilmiş aktivlər hesabına onlar öz kiçik təsərrüfatlarını yaradıblar.

 

Qeyd edək ki, birgə icra olunan layihənin məqsədi işsiz şəxslər üçün gəlir gətirən kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.

 

Ümumilikdə 200 nəfəri əhatə edəcək layihə çərçivəsində bugünədək 120 vətəndaş aktivlərlə təmin edilib. Yaxın vaxtlarda daha 80 vətəndaşın bu proqramdan yararlanması nəzərdə tutulub.