Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı ilə işəgötürənlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Ağsu və Qobustan rayonlarında dəyirmi masa keçirilib.

 

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Regional Məşğulluq filialının müdiri Aslan Rəhimov, Qobustan Rayon İcra hakimiyyətinin başçısının müavini Məharət Əkbərov və rayon ərazisində fəaliyyət göstərən işəgötürənlər, müəssisə rəhbərləri iştirak edib.  

 

Aslan Rəhimov Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən layihələr, proqramlar barədə məlumat verib, sahibkarlarla sıx əlaqələrin qurulmasının vacibliyini qeyd edib. Daha sonra işəgötürənlər üçün Agentlik barədə təqdimat edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin, qonaqlar 19 may 2022-ci il tarixində Şamaxı şəhərində keçirilməsi planlaşdırılan əmək yarmarkasında iştirak etməyə dəvət olunub.