"CV yarat" platformasında artıq 56 270 vətəndaş qeydiyyatdan keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan "CV yarat" platformasından istifadə edən şəxslərin sayı artmaqda davam edir.

 

CV hazırlamaqda çətinlik çəkən vətəndaşlara dəstək məqsədilə yaradılan "CV yarat" platforması vasitəsilə 28 985 nəfər CV tərtib edib. Ümumilikdə isə, platformada 56 270 vətəndaş qeydiyyatdan keçib.

 

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.

 

Anket formasının hər addımında CV-ni maksimum cəlbedici etmək, istifadəçinin bilik, bacarıq və təcrübəsini, peşəkar həyatında olan uğurları və güclü tərəflərini düzgün nümayiş etdirmək üçün məsləhətlər verilir.

 

Üç addım ilə öz CV-ni yarat!