CV yarat platformasında qeydiyyatdan keçənlərin sayı 25 267-ə çatdı

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən  www.cvyarat.az  platformasında qeydiyyatdan keçən şəxslərin sayı 25 267-ə çatıb.

 

Artıq 4 aydır ki, fəaliyyətdə olan platforma üzərindən 14 149 nəfər CV tərtib edib.

 

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd vahid və etibarlı CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.

 

İstifadəçilər  www.cvyarat.az  portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.

 

Anket formasının hər addımında CV-ni maksimum cəlbedici etmək, istifadəçinin bilik, bacarıq və təcrübəsini, peşəkar həyatında olan uğurları və güclü tərəflərini düzgün nümayiş etdirmək üçün məsləhətlər verilir.

 

Platformadan istifadə ödənişsizdir.

 

Üç addım ilə öz CV-ni yarat!