Cari ilin 6 ayında 22 “Açıq qapı” günü, 6 əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi və mövcud vakansiyalarla tanışlıq məqsədilə “Açıq qapı” tədbirləri və əmək yarmarkalarının təşkili prosesi davam edir. Cari ilin 6 ayı ərzində Agentlik tərəfindən paytaxt və bölgələrdə 22 “Açıq qapı” günü və 6 əmək yarmarkası keçirilib.

 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə işsiz və işaxtaran şəxslərə 4417 vakansiya təqdim edilib, 206 şəxs işlə təmin edilib.

 

Tədbirlərdə ümumilikdə 180 dövlət müəssisəsi və özəl şirkətlər iştirak edib. Qeyd edək ki, hər iki aktiv məşğulluq tədbirində öz kiçik biznesini qurmaq istəyən şəxslərə özünüməşğulluq proqramı, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə isə peşə hazırlığı barədə məlumatlar da verilir.