Rəqəmsal transformasiya əmək bazarında yeni çağırışlar, peşələrə olan tələblərdə ciddi dəyişikliklər yaradır

“Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətini vətəndaş rifahının təminatı təşkil edir. Təkcə son üç ildə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt məhz sosial rifahın yaxşılaşdırılmasına yönələn sənədlər olub. Sosial rifah siyasətinin əsas tərkib hissəsi isə  məşğulluqla, əmək bazarı ilə bağlıdır.”

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı” adlı Beynəlxalq Konfransda çıxışında bildirib.

 

Nazir 4-cü Sənaye İnqilabı, rəqəmsal transformasiya şəraitində əmək bazarında yeni çağırışların ortaya çıxdığını deyib. Qeyd edib ki, məşğulluğun təbiətində, peşə və ixtisaslara olan tələblərdə ciddi dəyişikliklər baş verir. COVID-19 dövrü distant, virtual işə tələbatın artdığını göstərdi. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada mövcud olan peşələrin təqribən 15 faizinə tələbat kəskin azalacaq və yeni peşələrə ciddi ehtiyac yaranacaq.

 

S.Babayev rəqəmsal tarnsformasiyanı həyata keçirəcək mütəxəssislərə ehtiyacın artdığını, bu mütəxəssislərin də ali təhsil ocaqlarında, müxtəlif fəaliyyət sahələri üzrə qurumlarda,  birgə səylər nəticəsində formalaşmaqda olduğunu qeyd edib. O, öz ixtisas sahəsi üzrə işləyənlərin, ümumən məşğul əhali tərkibində ixtisaslı işçi qüvvəsinin az olduğunu deyib. Əmək bazarında peşələrə olan tələblərin dəyişməsinə uyğun şəkildə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, kvalifikasiyasının artırılmasının prioritetlərdən olduğunu diqqətə çatdırıb.

 

Sosial sahədə xidmətlərin rəqəmsalllaşdırılması istiqamətində atılan addımları qeyd edən nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 170 xidmətindən artıq 103-nün elektronlaşdıldığını, onların da böyük əksəriyyətinin proaktiv qaydada həyata keçirildiyini deyib. Növbəti 6 aylıq proqram əsasında Nazirliyin daha 50 xidmətinin elektronlaşdırılacağını, bununla Nazilrik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90 faizə çatacağını qeyd edib. Son üç ildə özünüməşğulluq proqramı çərçivəsində 27 min ailəyə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallar formasında dəstək verildiyini deyən S.Babayev bu işlərin daha da genişləndirilməkdə olduğunu bildirib.

 

Nazir hazırda məşğul əhalinin 36 faizinin kənd təsərrüfatı sahələrində çalışdığını qeyd edib.  İşəgötürənlərin 3,3 faizinin, muzdla çalışan işçilərin isə 2,8 faizinin həmin sahələrə aid olduğunu, kənd təsərrüfatı sahələri üzrə muzdla çalışanların çəkisinin, formal məşğulluq səviyyəsinin azlığını, bu iqtiqamətdə də artıma nail olunmasının vacibliyini vurğulayıb. Rəqəmsallaşma proseslərinə baxmayaraq, bir çox ənənəvi peşə sahələrinin aktual olaraq qalmaqda olduğunu, bu sahələr üzrə də bilik və bacarıqların artırılmasının önəmini qeyd edib.

 

alt text