“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsinin hazırlıq kursuna start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə təşkilatçılığı ilə “beynəlxalq daşımalar üzrə sürücü” peşəsinin hazırlıq kursuna start verilib.

 

Nəqliyyat Təlim və Tədris Mərkəzində təşkil edilən kursa 18 işsiz şəxs cəlb edilib. Təlimlər əmək bazarının tələblərinə cavab verən tədris proqramı və təlim materialları əsasında nəzəri və praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim meydançasında keçiriləcək. Tədris prosesinə ali təhsil müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllimləri, həmçinin təlim ustaları cəlb olunublar.

 

Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.

 

Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq  daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların işlə təmin olunmasına dəstək göstəriləcək.

 

Peşə hazırlığı dövründə müdavimlərə minumum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək.