Bakı Peşə Hazırlığı Mərkəzi "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlığa başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb.

 

İki qurum arasında imzalanan Memoranduma əsasən ‘’Məşğulluğa dəstək layihəsi’’ çərçivəsində işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi,  onların peşə hazırlığı kurslarına cəlb olunması və  ixtisaslı kadr kimi hazırlanaraq əmək bazarına inteqrasiya olunması istiqamətində əməkdaşlıq ediləcək.

 

Artıq ilk istiqamət olaraq “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” peşəsi üzrə hazırlıq kursuna start verilib.

 

17 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində iştirakçılara nəzəri biliklərin tədrisi ilə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq. Müdavimlərə bu müddət ərzində minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək.

 

Kurs başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunların məşğulluqlarının təmin olunmasına dəstək göstəriləcək.