Azərbaycan Gəncləri Günü ərəfəsində "Gənclərin karyera günü" keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününün 26-cı ilinə həsr olunmuş "Gənclərin karyera günü" tədbiri keçirilib.

 

Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək və əmək bazarında mövcud vəziyyətlə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə keçirilən tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun direktor müavini Qədir Xəlilov və İqtisad Universitetinin​​​​​​​ rektoru Ədalət Muradov iştirak edib.

 

Agentlik tərəfindən gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə görülən işlərdən danışan Mustafa Abbasbəyli bu istiqamətdə dövlət qurumları və özəl şirkətlərlə ilə əməkdaşlıq edildiyini, yeni rəqəmsal layihələr icra olunduğunu və gənclər üçün bir sıra fürsətlər yaradıldığını qeyd edib.

 

Müasir çağırışlar və əmək bazarının tələbləri barədə də məlumat verən M.Abbasbəyli müasir peşələrin transformasiyası, axtarılan işçi profilinin formalaşdırılması barədə məlumat verib,  gənclərə gələcəyin peşələri ilə tanış olmağı, təhsilə önəm verməyi və çox çalışmağı tövsiyə edib.

 

Daha sonra tədbirdə Agentliyin Mərkəzi Karyera filialının nümayəndələri tərəfindən gənclər üçün TEDx formatında çıxışlar, “Alo Karyera” dəstək xidmətinin peşəkar məsləhətçiləri tərəfindən karyera planlaması istiqamətində ekspress konsultasiya xidməti, əmək bazarının tələbləri barədə infosessiyalar həyata keçirilib.

​​​​​​​

"Gənclərin karyera günü"nün bir hissəsində isə gənclər əmək yarmarkasında iştirak edərək vakansiyalarla tanış olmaq imkanı əldə ediblər. Agentliyin sosial tərəfdaşı olan 52 şirkət tədbirə qatılaraq 1000-dən çox vakansiya təqdim edib.