Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu başa çatıb.
İlkin mərhələdə 9 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradılıb.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunub və onların "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Memorandum imzalanıb. Sənədə əsasən tərəflər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, onların peşə hazırlığı kurslarına cəlb olunması və ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunması istiqamətində əməkdaşlıq edəcək.