“AmCham Azərbaycan”ın nümayəndələri üçün “Əmək və Məşğulluq” altsisteminin təqdimatı olub

Azərbaycanda Amerika Ticarət Palatasınin (“AmCham Azərbaycan”) nümayəndələri üçün “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) təqdimatı olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “AmCham Azərbaycan”ın birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, Palataya üzv şirkətlərin və diplomatik korpusun nümayəndələri iştirak edib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəqəmsal məşğulluğa keçid istiqamətində görülən və planlaşdırılan işlər barədə məlumat verib, rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyən edildiyini diqqətə çatdırıb. 

 

Daha sonra ƏMAS-ın üstünlükləri və istifadəsi barədə təqdimat olub. Qeyd edilib ki, bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidinə imkan verir. 

 

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

 

Tədbir interaktiv sual-cavab sessiyası ilə davam etdirilib.