Yanvar-avqust ayları ərzində “Alo Karyera” dəstək xidmətinə 4000-ə yaxın müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “Alo Karyera” dəstək xidmətinə müraciətlərin qəbulu davam edir. Cari ilin yanvar-avqust ayları ərzində Agentliyin Mərkəzi Karyera filialı tərəfindən 4000-ə yaxın işsiz və işaxtaran şəxslə iş aparılıb.

 

Müraciət edən şəxslərdən 762 nəfərlə fərdi konsultasiya, 176 iştirakçı ilə qrup konsultasiyaları və 3026 iştirakçı ilə vebinar təşkil edilib.

 

Təşkil olunan konsultasiyalar əsasən karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri ilə tanışlıq və CV hazırlanması üçün dəstək göstərilməsi kimi mövzuları əhatə edib.

 

Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar https://www.dma.gov.az/layiheler/alo-karyera linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.