Ağstafada özünüməşğulluq proqramı üzrə şəhid ailəsi və müharibə veteranları üçün yaradılmış təsərrüfatlara mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə bu dəfə media nümayəndələri Ağstafa rayonunda özünüməşğulluq proqramı çərçivəsində şəhid ailəsi və müharibə veteranları üçün yaradılmış təsərrüfatlarla tanış olublar. 

 

Jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin bir istiqaməti kimi, şəhidlərin ailə üzvləri, müharibə veteranlarından ibarət olmaqla artıq 15,5 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, onlardan 8,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq həmin vətəndaşlar üçün kiçik ailə təsərrüfatları və biznes sahələri yaradılıb.

 

Media nümayəndələri ilk olaraq müharibə veteranı Babək Abbasovun təsərrüfatında olublar. Özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına B.Abbasov broyler inkubatoru zərfi üzrə öz işini qurub. 


 
Proqram çərçivəsində aktivlərlə təmin edilən digər müharibə veteranları Səbuhi Quliyev və Saleh Əliyevdir. Onlar müharibədən qayıtdıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa zamanda onlara avtoçilingər və avtotəmizləmə xidməti üzrə lazımı avadanlıqlar təqdim olunub. 

 

Daha sonra media nümayəndələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan  Əfqan Səfərlinin ailəsi ilə görüşüblər. Məlumat verilib ki, şəhidin atası Nadir Səfərov da özünüməşğulluq proqramı iştirakçısıdır. Bir müddət əvvəl proqrama müraciət edən N.Səfərova aktivlər verilərək onun üçün maldarlıq təsərrüfatı yaradılıb. 

 

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin onlara öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.