Agentliyin nümayəndə heyəti Almaniyada beynəlxalq tədbirdə iştirak edir

Almaniya Federativ Respublikasında Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES ilə Almaniya Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində Avropa regionu üçün "Transmilli miqrasiya idarəçiliyində məşğulluq xidmətlərinin rolu və ikitərəfli əməkdaşlıq formaları” mövzusunda tədbir keçirilir.

 

Ölkəmizi tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti təmsil edir.

 

Tədbir çərçivəsində sosial cəhətdən həssas qrupların, bilik və bacarıqları olmayan işsiz və işaxtaranların, eləcə də fiziki məhdudiyyətli şəxslərin əmək bazarına inteqrasiyası mövzusu üzrə informasiya mübadiləsi aparılır. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Agentliyin fəaliyyəti və sözügedən istiqamətdə icra edilən layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 

Səfər çərçivəsində Agentlik ilə Almaniya Məşğulluq Xidməti arasında ikitərəfli görüş də keçirilib. Görüşdə iki qurumun fəaliyyəti haqqında təcrübə mübadiləsi aparılıb, peşə təhsili və karyera məsləhəti xidmətinin göstərilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlinib.