Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb

İşğaldan azad edilən ərazilərə böyük qayıdışın ilk iştirakçılarından olan Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin icrası ilə bağlı tədbirlər davam edir.

 

Bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakini olan 3 ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.

 

Yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün mediatur təşkil edilib. Jurnalistlər Ağalı kəndində yaradılan kiçik təsərrüfatlarla tanış olublar.

 

Onlara Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri barədə məlumat verilib.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin ümumilikdə 30 sakini özünüməşğulluq proqramına cəlb olunub.

 

İlkin mərhələdə onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

 

Yaxın aylarda həmin şəxslərə də proqram çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər iqtisadi sahələr üzrə aktivlərin verilməsi nəzərdə tutulub.

 

Həmçinin, kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyət də həyata keçirilir. İlkin olaraq kənd ərazisində “Gill MED” MMC ilə birlikdə dərzilik kursuna start verilib. Hazırda həmin kursa 6 nəfər kənd sakini cəlb edilib.

 

Bundan əlavə, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlərin vakansiya tələbləri öyrənilib. Bu tələblərə uyğun namizədlərin işlə təmin olunması istiqamətində də müvafiq addımlar atılır, işəgötürənlərlə vətəndaşların görüşləri keçirilir.

 

Bu günə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.