İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində 250-ə yaxın işsiz şəxs peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə əmək bazarının aktual istiqamətləri üzrə peşə kurslarının təşkili prosesi davam edir.

 

Noyabr ayı ərzində Agentliyin Bakı, Göyçay və Gəncə Peşə Hazırlığı Mərkəzlərində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində 250-ə yaxın işsiz şəxs hazırlıq kurslarına cəlb olunub.

 

Təşkil olunan kurslar ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, yanacaqdoldurma stansiyaların operatoru, ofisiant, elektrik maşın, aparat və cihazlarının sazlayıcısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, intensiv bağçılıq üzrə işçi, təchizat üzrə agent, proqramla idarə olunan dəzgahların operatoru, istixana operatoru, mühasib, meyvə-tərəvəz ustası, dərzi, xalçaçılıq, tikiş avadanlıqlarının operatoru, tikişçi, vizajist, manikur, pedikur, çörək ustası və aşpaz sahələrini əhatə edir.

 

Müdavimlərə kurs müddətində nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılıb. Növbəti mərhələ olaraq kursu uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstəriləcək.

 

Qeyd edək ki, Agentlik tərəfindən hazırda 175 peşə və ixtisas üzrə kurslar təşkil edilir. Hazırlıq kursları həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində təşkil edilir.