Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələrin tədrisini və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstək tədbirlərini davam etdirir.
Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə həyata keçirilən “100 yeni beynəlxalq sürücü” layihəsi çərçivəsində təşkil edilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub. Artıq 32 sürücü təlimləri uğurla başa vurub. Layihə Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq çərçivəsində həyata keçirilir. Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərməkdir.
Layihəyə müraciət edən şəxslər ilk olaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə bacarıqlarının müəyyən olunması məqsədilə müsahibəyə cəlb olunub, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılıb və təlimlərə cəlb olunublar. Təlimlərdə C, C1E, CE kateqoriyalı sürücülük vəsiqələrinə malik işsiz sürücülər ödənişsiz olaraq iştirak edib. Sürücülərin təhsil haqları Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən ödənilib. Eyni zamanda Dövlət Məşğulluq Agentliyi tərəfindən təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd verilib və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunub.
Təlimlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədris proqramı əsasında nəzəri və praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim meydançasında əsasən ali təhsil müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllim və dosentləri, həmçinin təlim ustaları cəlb olunmaqla həyata keçirilir. Təlimlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə biliklər verilir. Sürücülər yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım qaydaları, etik normalara riayət edilməsi və davranış qaydaları, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlandırılır.
Layihənin növbəti mərhələsində sertifikat alan sürücülərin işlə təmin olunmasına köməklik göstəriləcək.