İdarə Heyətinin sədri: Əsas hədəfimiz işsizliyin azaldılması ilə yanaşı, daha dayanıqlı, inklüziv və rəqəmsal əmək bazarının inkişafına töhfə verməkdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev AZƏRTAC-a müsahibə verib. O, Azərbaycanda məşğulluq səviyyəsini artırmaq üçün DMA tərəfindən həyata keçirilən proqramlardan, o cümlədən gənclərin işlə təmin olunması istiqamətində görülən işlərdən, qadınların məşğulluğunu artırmaq üçün irəli sürülmüş təşəbbüslərdən, işğaldan azad olunmuş rayonların sakinlərinin məşğulluğunun təmin edilməsi sahəsində atılan addımlardan, agentliyin əmək bazarında yaranan yeni peşə tendensiyalarına uyğunlaşmaq üçün görülən tədbirlərdən, məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqindən və digər bu kimi məsələlərdən danışıb.

 

Həmin müsahibəni təqdim edirik.

 

- Sadiq müəllim, Azərbaycanda məşğulluq səviyyəsini artırmaq üçün DMA tərəfindən hansı proqramlar həyata keçirilir?

 

- Ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması, həmçinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən fəaliyyətləri çoxşaxəli hesab etmək olar. Bu fəaliyyət istiqamətlərinə işsiz və işaxtaran şəxslərin münasib işlə təmin edilməsi, onlara peşə maraqlarının formalaşdırılması və peşə seçiminə istiqamətləndirilməsinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə hazırlığının təşkili, sahibkarlığın təşviq olunması və kiçik ailə təsərrüfatlarının yaradılması məqsədilə şəxslərin özünüməşğulluğunun təmin edilməsi, eləcə də, işsiz və işaxtaranların məşğulluğunun təmin olunmasında işəgötürənlərin həvəsləndirilməsi məqsədilə həyata keçirilən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı daxildir. Bu fəaliyyətlərin həyata keçirilməsi nəticəsində cari ilin 6 ayı ərzində 807 nəfər kvota yerləri üzrə olmaqla, ümumilikdə 74 min nəfər işlə təmin edilib. O cümlədən 9 min 800 nəfər özünüməşğulluq proqramına, 761 nəfər əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına, 6 min 100 nəfər peşə hazırlığına, 139 min 600 nəfər peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub. Özünüməşğulluq proqramı ilə bağlı ümumi statistikaya gəlincə isə, indiyədək bu proqram çərçivəsində 95 mindən artıq şəxs öz bilik və bacarıqlarına uyğun sahələr üzrə müvafiq aktivlərlə təmin edilib.

 

- Gənclərin işlə təmin olunması istiqamətində agentlik hansı işləri görür və bu sahədə hansı layihələriniz var?

 

- DMA tərəfindən gənclərin məşğulluğunun dəstəklənməsi və əmək bazarına inteqrasiyası məqsədilə bir sıra aktiv məşğulluq proqramları həyata keçirilib. Təkcə cari ilin 6 ayı ərzində agentlik tərəfindən ümumilikdə 28 min 283 nəfər gənc işlə təmin olunub. Bu kateqoriyadan olan 1643 nəfər özünüməşğulluq proqramına, 2 min 886 nəfəri isə peşə hazırlığına cəlb edilib. Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi proqramı üzrə 276, kvota yerləri üzrə isə 28 nəfər işlə təmin olunub.

 

Ümumiyyətlə, DMA gənclərin məşğulluğunu əsas istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlayır və bununla bağlı xüsusi layihələr həyata keçirir. Məsələn, peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılması məqsədilə DMA, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə “Gənclərin biznes emalatxanası” layihəsi icra olunur. Layihə çərçivəsində müxtəlif sahələr üzrə peşə təhsili alan gənclərin biznes təlimlərinə cəlb edilməsi, istehsalat müəssisələrinə səfərlərin təşkili və onların özünüməşğulluq proqramı çərçivəsində mikro biznes qurmaq məqsədilə müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulub. Hazırkı mərhələdə artıq 51 vətəndaş aktivlərlə təmin edilib. Layihənin sonunda ümumilikdə 72 gəncin bu təşəbbüsdən faydalanması planlaşdırılır.

 

Autizmli gənclərin əmək bazarına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi isə xüsusilə diqqət mərkəzindədir. Bu məqsədlə DMA-nın dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyi “Kaşalata” layihəsini həyata keçirir. Layihə çərçivəsində ölkəmizdə ilk inklüziv ictimai iaşə məkanı – “Kaşalata” Kafe və İnklüziv Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi autizm spektr pozuntusu olan gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai həyata inteqrasiyasına və dayanıqlı məşğulluğuna dəstək göstərməkdir. Bu məqsədlə “Kaşalata” kafedə gənclərə barista, ofisiantlıq, qida hazırlanması və digər xidmət sahələri üzrə təlimlər keçirilir, real iş şəraitində bacarıqlarını tətbiq etmələrinə imkan yaradılır. Hazırkı mərhələdə layihə çərçivəsində ümumilikdə 20 nəfərin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri autizmli və ya digər inkişaf xüsusiyyətli gənclərdir. Bundan başqa, “Biznesini Yarat Marafonu” və digər layihələri qeyd etmək olar.

 

Eləcə də, Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil edilir, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas-peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və digər mövzular üzrə məlumatlandırılırlar.

 

- Qadınların məşğulluğunun artırılması üçün hansı təşəbbüslər mövcuddur?

 

- Qadınların məşğulluğunun təmin edilməsi, onların əmək bazarında iştirak payının artırılması, yüksək gəlir gətirən iş yerlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə əlavə mexanizmlərin yaradılması və tətbiqi dövlətin prioritet istiqamətlərindən biridir. Dövlət siyasətinə uyğun olaraq agentlik tərəfindən qadınların məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır və onların müxtəlif məşğulluq tədbirlərinə, layihələrə cəlb olunması istiqamətində ardıcıl iş aparılır. Məlumat üçün bildirim ki, cari ilin 6 ayı ərzində agentlik tərəfindən 24 min 400 qadın münasib işlə təmin edilib (onlardan 208-ü kvota üzrə, 328 nəfər isə əməkhaqqının birgə maliyyələşdirilməsi üzrə), 3 min 400 nəfər özünüməşğulluq proqramına, 3 min 900 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

 

Agentlik, həmçinin bu məsələdə QHT-lərlə də əməkdaşlıq edir. Agentlik tərəfindən həyata keçirilən “Qadına bir addım” layihəsini buna misal olaraq göstərmək olar. Layihə 2023-2024-cü illərdə Bakı və Sumqayıt şəhərlərində “Təmiz Dünya” və “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birlikləri və “Gestalt” Psixoloji Mərkəz ilə birgə həyata keçirilib. Layihə çərçivəsində qadınlara iş mühitinə adaptasiya olmaları yönündə psixoloji dəstək göstərilib, daha sonra isə onların aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri istiqamətində iş aparılıb.

 

Həssas kateqoriyadan olan qadınların əmək bazarına və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək məqsədilə isə DMA tərəfindən sosial tərəfdaşlarla birgə müxtəlif layihələr icra edilir. Onlardan biri “Sosial müəssisələr” layihəsidir ki, bu çərçivədə “Kitab bağı” sosial sahibkarlıq kafesi və “Ümid atelye” sosial sahibkarlıq müəssisəsi yaradılıb. Müəssisələrdə müvafiq kateqoriyaya aid olan 5 qadının məşğulluğu təmin olunub.

 

Bundan başqa, “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə istifadəyə verilib və burada yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı 10 qadının məşğulluğu təmin edilib.

 

Həmçinin agentlik tərəfindən qadınların qeyri-ənənəvi peşə sahələrində iştirakının təşviqi məqsədilə “Ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi və iqtisadi müstəqillik baxımından səmərəli məşğulluq sahələrində qadınların daha fəal iştirakının həvəsləndirilməsi məqsədilə peşəyönümlü məsləhət xidmətlərinin təşkil edilməsi” adlı layihənin icrasına başlanıb.

 

- İşğaldan azad olunmuş rayonların sakinlərinin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindəndir. Agentlik olaraq, bu istiqamətdə hansı addımları atılıb? Bu vaxtadək neçə nəfər işlə təmin olunub?

 

- Bəli, “Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlarımızın sosial rifahının təmin olunması prioritet məsələlərdən biridir. DMA olaraq, bu istiqamətdə əsas məqsədimiz “Məşğulluqdan məskunlaşmaya” yanaşması ilə qayıdan insanların yaşayışlarının davamlılığını və rifahını dəstəkləməkdir. Hazırda DMA tərəfindən davam edən məskunlaşmanın tələblərinə uyğun olaraq məşğulluğun müxtəlif aspektləri, o cümlədən, özünüməşğulluq, kvota üzrə iş yerlərinin yaradılması, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsi və digər bu tipli layihələrin icrasına hazırlıq görülür. Rəqəmlərə gəlincə, cari ilin 11 iyul tarixinə sözügedən ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən məşğulluğu təmin edilmiş şəxslərin sayı ümumilikdə 4 min 809 nəfər təşkil edib. Bunlardan 3 min 677 nəfər müvafiq qaydada işlə təmin olunub, 339 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Fərdi qaydada özünüməşğul olanların sayı isə 793 nəfər olub. Bu şəxslər əsasən xırda ticarət, yük və sərnişindaşıma sahələrində çalışırlar. Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 222 nəfər peşə hazırlığına cəlb olunub, daha 641 nəfərin məşğulluğunun təmin edilməsi ilə bağlı iş aparılır.

 

Hazırda davam edən layihələrlə əlaqədar isə onu deyə bilərəm ki, Ağdam, Füzuli, Xankəndi və Xocavənddə telesatış, keytrinq, meyvə şirəsi istehsalı, çamaşırxana və təmizlik xidmətləri kimi sahələr üzrə açılacaq yeni iş yerlərində 80-dən artıq vətəndaş işlə təmin olunacaq.

 

- Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahədə yeni iş yerlərinin yaradılması üçün agentlik tərəfindən hansı addımlar atılır?

 

- Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iş yerlərinin yaradılması üçün agentlik işəgötürənlərə münasibətdə “Birgə maliyyələşmə” proqramı həyata keçirir. Sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin agentlik tərəfindən maliyyələşdirilməsi işaxtaranlar və işsiz şəxslərin məşğulluq imkanlarını artırmaq, işəgötürənləri bu istiqamətdə həvəsləndirmək məqsədi daşıyır. Bundan başqa, “Məqsədli proqramlar” və “Kvotadan əlavə iş yerləri üzrə maliyyələşmə” kimi proqramlar da icra olunur ki, bunlar da sahibkarlığın inkişafına dəstək mahiyyətindədir.

 

- Bəs işsizliyin azaldılması üçün qarşıdakı illərdə hansı strategiyaların həyata keçirilməsi planlaşdırılır?

 

- Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün Məşğulluq Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər planının davamı olaraq, artıq 2025–2027-ci illər üçün yeni Strateji Plan hazırlanaraq təsdiqlənib. Bu sənəd əmək bazarındakı çağırışlara daha çevik və sistemli yanaşmanı təmin etmək məqsədi daşıyır. Agentlik qarşıdakı illərdə fəaliyyətini məhz bu strateji baxış əsasında formalaşdırır. Əsas hədəfimiz işsizliyin azaldılması ilə yanaşı, daha dayanıqlı, inklüziv və rəqəmsal əmək bazarının inkişafına töhfə verməkdir. Bunun üçün bir neçə əsas istiqamət üzrə kompleks tədbirlər planlaşdırılıb. Birincisi, məşğulluq tədbirlərinin təkmilləşdirilməsidir. Burada özünüməşğulluq proqramlarının aqrar və qeyri-aqrar istiqamətlər üzrə daha məhsuldar və məqsədyönlü dizayn edilməsi, sosial iş yerlərinin təşviqi və kvota sistemi ilə işədüzəltmə mexanizmlərinin daha effektiv tətbiqi nəzərdə tutulur. İkincisi, peşə hazırlığı və peşəyönümü xidmətlərinin gücləndirilməsidir. Burada əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması üçün peşə təlimlərinin keyfiyyətinin artırılmasını, karyera məsləhətçilərinin sayının artırılması və fərdi məşğulluq proqramlarının daha effektiv icrasını qeyd edə bilərik. Üçüncüsü, rəqəmsallaşmanın genişləndirilməsidir ki, burada “Əmək və məşğulluq altsistemi”nin (ƏMAS) imkanlarının təkmilləşdirilməsi, məşğulluq statistikası və analitik alətlərin inkişaf etdirilməsi hesabına daha obyektiv qərarların qəbulu planlaşdırılır. Dördüncüsü, sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsidir. Yəni, əmək bazarında iştirak edən bütün tərəfdaşlarla, xüsusilə yaşıl iqtisadiyyat və sosial inklüzivlik istiqamətlərində birgə təşəbbüslər genişləndiriləcək. Beşinci, strateji təhlil və proqnozlaşdırmanın inkişaf etdirilməsidir. Altıncı, institusional inkişafdır. Nəhayət, yeddinci, Böyük Qayıdış prosesinə dəstəkdir ki, işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi və insan resurslarının hazırlanması da əsas prioritetlərdəndir.

 

Əlavə olaraq onu da qeyd edim ki, DMA hazırda şəxslərin məşğulluğunun effektiv şəkildə təmin olunması, onların uyğun məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə vətəndaşların məşğulluq imkanlarının qiymətləndirilməsini həyata keçirir. Bu qiymətləndirmə nəticəsində məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəd - fərdi məşğulluq proqramı tərtib edilir. Hazırda şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi metodologiyasının daha da təkmilləşdirilməsi, onun gələcək əmək bazarındakı tələblərə cavab verən daha təkmil formaya gətirilməsi istiqamətində işlər aparılır.

 

- Əmək bazarında peşə hazırlığı və təlim proqramlarının rolu nədən ibarətdir?

 

- Peşə hazırlığı müasir tələblərə cavab verən, səmərəli və davamlı məşğulluğun təmin edilməsində əsas amillərdən biridir. Müasir əmək bazarında əsas problemlərdən biri şəxslərin peşə və kvalifikasiyasının mövcud vakansiyalarla uyğun gəlməməsidir. Bu uyğunsuzluq işçi qüvvəsinin düzgün formalaşmamasından və əmək bazarının dəyişkənliyindən qaynaqlanır. Peşə hazırlığı işçi qüvvəsinin bacarıqlarını, biliklərini əmək bazarının tələb və ehtiyaclarına uyğunlaşdırır. Peşə hazırlığı sayəsində həm fərdlərin, həm də ümumi iqtisadiyyatın inkişafına töhfə verilir. Bacarıqlı və hazırlıqlı işçi qüvvəsi iqtisadiyyatı gücləndirir, innovasiyaların tətbiqini asanlaşdırır və ölkəmizin rəqabət qabiliyyətini artırır.

 

DMA tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən olan peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Cari ilin 6 ayı ərzində 6 min 100 şəxs peşə hazırlığı kursuna cəlb olunub. Əməkdaşlıq çərçivəsində 66 peşə-ixtisas üzrə 43 tədris müəssisəsinə vətəndaş göndərişi sənədi hazırlanaraq göndərilib, eləcə də, peşə hazırlığı kursunu bitirən 2 min 800 şəxs işlə təmin edilib.

 

- Rəqəmsal texnologiyalar artıq həyatımızın bütün sahələrinə nüfuz edir. Sizcə, bu texnologiyalar məşğulluq sahəsinə necə təsir göstərir?

 

- Razıyam, rəqəmsal texnologiyalar müasir əmək bazarında dönüş nöqtəsi rolunu oynayır. Bugünkü reallıq onu deməyə əsas verir ki, texnologiyanın inkişafı təkcə əmək bazarına deyil, bütövlükdə məşğulluq siyasətinin təşkili və idarə edilməsinə fundamental təsir göstərir. Bu texnologiyalar əmək bazarının strukturunu dəyişdirir, işsiz, işaxtaran şəxslər və işəgötürənlər arasında əlaqəni daha sürətli və effektiv edir. Onların sayəsində məşğulluq xidmətləri daha əlçatan, şəffaf və çevik olur. Mütəxəssislərin təxminlərinə görə, avtomatlaşdırma və süni intellekt səbəbindən əmək bazarının təxminən 27 faizi risk zonasında olsa da, həmçinin robotlaşma və optimallaşma artsa da, onlarla əməkdaşlıq edə bilən yüksək ixtisaslı işçi qüvvəsinə daim ehtiyac olacaq. Bu, o deməkdir ki, rəqəmsal texnologiyaların tətbiqi və rəqəmsal bacarıqların inkişafı əmək bazarında rəqabət qabiliyyətini artırır, yeni peşə sahələrinin yaranmasına, mövcud peşələrin məzmununun dəyişməsinə səbəb olur. Bu da təbii olaraq bacarıqların inkişafına, xüsusən də gənclərin və peşəkarların özlərini daha yaxşı inkişaf etdirmələrinə şərait yaradır.

 

- Agentlik əmək bazarında yaranan yeni peşə tendensiyalarına necə uyğunlaşır?

 

- Qeyd etdiyim kimi, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşmaq, xüsusilə, texnoloji yeniliklər və yeni peşə sahələrinin yaranması fonunda agentliyin əsas prioritetlərindəndir. Bu istiqamətdə bir neçə əsas yanaşma tətbiq olunur. İlk növbədə, əmək bazarında yaranan yeni peşə və bacarıq tələblərinin monitorinqi məqsədilə əmək bazarının strateji təhlil və proqnozlaşdırma sistemi daim təkmilləşdirilir. Müxtəlif sektorlarda baş verən texnoloji dəyişikliklər, yaşıl iqtisadiyyatın inkişafı, rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlı əmək bazarının ehtiyacları mütəmadi olaraq analiz edilir və bu analizlər əsasında proqnozlar hazırlanır.

 

Eyni zamanda, peşə hazırlığı və peşəyönümlü xidmətlər müasir əmək bazarının tələblərinə uyğunlaşdırılır. Agentlik tərəfindən həyata keçirilən peşə təlimləri proqramlarına yeni ixtisaslar daxil edilir, mövcud tədris proqramları yenilənir. Sosial tərəfdaşlarla əməkdaşlıq da bu prosesdə mühüm rol oynayır. Özəl sektor, işəgötürənlər, universitetlər və təlim müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində yeni peşələr üzrə praktiki bacarıqların inkişaf etdirilməsi üçün birgə proqramlar hazırlanır.

 

Bundan əlavə, agentlikdə fəaliyyət göstərən karyera məsləhətçiləri işaxtaranlara əmək bazarının cari tələbləri barədə məlumat verir, onların fərdi bacarıq və maraqlarına uyğun peşə istiqamətlərini seçməkdə dəstək göstərir. Yəni agentlik əmək bazarındakı yeni peşə tendensiyalarını aktiv izləyir, qabaqlayıcı tədbirlər görür və vətəndaşların yeni bacarıqlar qazanmalarını təmin etməklə, bu dəyişikliklərə çevik uyğunlaşmanı təmin edir.

 

- İşsizlikdən sığorta və sosial sığorta mexanizmləri barədə də məlumat verməyinizi istərdik...

 

- Əvvəla, onu qeyd edim ki, ümumilikdə sosial müdafiə mexanizmləri vasitəsilə işsiz şəxslərin yenidən əmək bazarına inteqrasiyasını təmin etmək üçün aktiv məşğulluq tədbirləri, yəni peşə hazırlığı və ixtisasartırma kursları, özünüməşğulluq proqramları həyata keçirilir. Bu mexanizmlər bir-biri ilə əlaqəli şəkildə işləyərək işsizliyin mənfi təsirlərini minimuma endirir, vətəndaşların əmək bazarında davamlı iştirakını təmin edir və ölkənin sosial-iqtisadi inkişafına dəstək olur. İşsizlikdən sığorta sistemi də xüsusi sosial müdafiə mexanizmi kimi əmək bazarında vətəndaşların sosial müdafiəsini təmin etmək, onların əmək bazarına inteqrasiyasını dəstəkləmək və sosial-iqtisadi sabitliyi qorumaq, işsizlikdən irəli gələn sosial riskləri azaltmaq məqsədi daşıyır. İşsizlikdən sığorta mexanizmi vasitəsilə agentlik işsiz qalan şəxslərə maddi dəstək göstərərək işsiz şəxslərin sosial vəziyyətini stabilləşdirir, yeni iş axtarmağa vaxt və enerji sərf etmələrinə imkan yaratmaqla, onların hüquqlarını qoruyur. DMA bu çərçivədə işsizlikdən sığorta üzrə müraciətlərin qəbulunu, ödənişlərin təyin olunmasını və ödənməsini həyata keçirir.

 

Bildirim ki, 1 yanvar 2018-ci ildə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və bununla da, ölkədə işsizlikdən sığorta ödənişinin verilməsi prosesinə başlanıb. İşsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə sığorta ödənişi almaq hüququ olan şəxslərin əhatə dairəsinin genişləndirilməsi və ödəniş almaq şərtlərinin optimallaşdırılması məqsədilə Qanuna bir sıra dəyişikliklər edilib.

 

- Bu dəyişiklikləri sadalaya bilərsinizmi?

 

- Əlbəttə. Birincisi, sığorta ödənişinin alınması üçün yeni xitam maddələrinin əlavə olunması ilə ümumilikdə sığorta hadisəsi kimi xitam maddələrin sayı 4-dən 10-a çatdırılıb. İkincisi, sığorta ödənişinin verilməsi üçün tələb olunan sığorta stajlarının müddəti azaldılıb. Üçüncüsü, sığortaolunanların sığorta stajından asılı olmayaraq, onlara itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində sığorta ödənişinin hesablanmasına başlanıb. Dördüncüsü, şəxsin sığorta stajının hesablanması işsiz kimi qeydiyyata alındığı tarixdən deyil, əmək müqaviləsinə xitam verildiyi tarixdən hesablanmağa başlanıb. Beşincisi, xitam əsasından asılı olmayaraq, himayəsində olan uşaq sayına uyğun olaraq sığorta ödənişinə əlavə almaq imkanı yaradılıb (hər uşağa görə təyin olunan sığorta ödənişinin 5 faizi məbləğində artım). Altıncısı, əlavə sığorta ödənişində 20 faizlik maksimum hədd ləğv edilib. Yeddincisi, sığorta ödənişinin təyin olunması üçün sənədlərin toplanması tələbi ləğv edilib və lazımi məlumatların elektron informasiya sistemləri vasitəsilə əldə olunması imkanları yaradılıb. Sonuncusu, sığorta ödənişi ilə bağlı bütün mərhələlərin icrası elektron qaydada həyata keçirilməyə başlanıb.

 

- Sözügedən dəyişikliklər sığorta ödənişlərinə necə təsir edib?

 

- Əvvəla, qeyd edim ki, 2021-2025-ci illər ərzində sığorta ödənişi təyin olunmuş şəxslərin sayında artım olub. Belə ki, 2021-ci ildə 3 min 734 (2020-ci ildə isə 1292 nəfər), 2022-ci ildə 6 min 333, 2023-cü ildə 8 min 370, 2024-cü ildə 9 min 763, 2025-ci ilin 6 ayı ərzində isə 5 min 468 işsiz şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib. Ümumilikdə, 2018-ci ildən etibarən isə 38 min işsiz şəxsə sığorta ödənişi təyin olunub.

 

İşsizlikdən sığorta ödənişi ilə bağlı proseslərin elektronlaşması istiqamətində də müvafiq işlər aparılıb. Belə ki, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi, təyin olunmuş sığorta ödənişinin məbləğinin yenidən hesablanması, sığorta ödənişinin verilməsinin dayandırılması, ödəniş transaksiyaların həyata keçirilməsi istiqamətləri üzrə proseslər elektron qaydada həyata keçirilir.

 

Həmçinin ƏMAS da işsizlikdən sığorta ödənişlərinin elektronlaşdırılması, dövlətin sosial müdafiə mexanizminin modernləşdirilməsi və vətəndaşların rahatlığının artırılması baxımından strateji əhəmiyyət daşıyır.

 

- Bəs işaxtaranların məlumat bazasının təkmilləşdirilməsi üçün hansı yeniliklər tətbiq olunur?

 

- Nəinki işaxtaran, ümumilikdə məşğulluqda qeydiyyatı olan bütün işsiz və işaxtaran şəxslərin məlumat bazasının təkmilləşdirilməsi məqsədilə tərəfimizdən mütəmadi olaraq bazanın müxtəlif meyarlar (yaş, cins, təhsil, peşə (ixtisas), qeydiyyatda qalma müddəti, müraciət etdiyi məşğulluq tədbirlərinə və s.) üzrə təhlili aparılır. Aparılmış təhlillər nəticəsində aşkarlanmış problem və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün preventiv tədbirlər həyata keçirilir. Məsələn, ƏMAS-da vətəndaşların şəxsi kabinetlərinin yaradılması, onların məşğulluq imkanlarının qiymətləndirilməsi və hər bir işsiz şəxsə münasibətdə fərdi şəkildə təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını, maraqlarını, peşəsini nəzərə alaraq onların fərdi məşğulluq proqramlarının tərtibi proseslərinin elektronlaşdırılması nəticəsində müvafiq məlumat bazasının formalaşdırılması təmin edilib. Eyni zamanda, əmək bazarındakı mövcud vakansiyalar, işsizlərin profilləri və digər məlumatların vahid bazada cəmlənməsi data əsaslı təhlil imkanları yaradır ki, bu da əmək bazarındakı dəyişikliklərin daha dəqiq proqnozlaşdırılmasını, tələb ilə təklif arasında düzgün uyğunlaşdırma aparılmasını əlçatan edir. Eyni zamanda, ƏMAS-da toplanan məlumatlar əmək bazarının ehtiyacları ilə uzlaşdırılaraq dövlət məşğulluq proqramlarının daha hədəfli qurulmasına şərait yaradır. Biz bu yanaşmanı “data əsaslı məşğulluq siyasəti” kimi dəyərləndiririk. Çünki işsiz və işaxtaran şəxslər barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasının formalaşdırılması işsiz, işaxtaran şəxslər və işəgötürənlər arasında əlaqənin daha çevik və şəffaf şəkildə qurulmasını, əmək bazarında məlumat mübadiləsinin səmərəliliyinin artırılmasını və kadr seçiminin sürətləndirilməsini təmin edir.

 

Bu yeniliklər vasitəsilə biz yalnız məlumat bazasını deyil, bütövlükdə məşğulluq xidmətlərinin keyfiyyətini yüksəltməyə çalışırıq.

 

- Əmək bazarında mövcud olan boş iş yerlərinin doldurulması üçün agentlik hansı əməkdaşlıq formalarından istifadə edir?

 

- Agentlik əmək bazarında mövcud olan boş iş yerlərinin doldurulması üçün ƏMAS e-platforması, onun müvafiq modulları, xüsusilə “Vakansiya bankı” üzərindən fəaliyyət həyata keçirir. Həmçinin aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının və peşə hazırlığı kurslarının təşkili də əməkdaşlıq formalarından biridir.

 

- DMA ilə vətəndaşlar arasında əlaqəni gücləndirmək üçün hansı kommunikasiya vasitələrindən istifadə olunur?

 

- Vətəndaşlarla sağlam əlaqələr qurmaq və bu əlaqələri daha da gücləndirmək DMA-nın prioritetlərindən biridir. Bunun üçün müxtəlif kommunikasiya vasitələrindən istifadə edilir. Əvvəla, agentliyin rəsmi saytı vasitəsilə müxtəlif məlumatlar, elanlar, müraciət formaları və xidmətlər vətəndaşlara təqdim olunur. Bundan əlavə, Feysbuk, İnstaqram, Linkedin, yutub platformalarında agentliyin rəsmi səhifələri vasitəsilə yeniliklər, tədbirlər, vakansiyalar və digər önəmli məlumatlar mütəmadi olaraq paylaşılır.

 

Vətəndaşların sorğularına operativ şəkildə cavab verilməsi və müraciətlərinin qəbul edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “142” Çağrı mərkəzi fəaliyyət göstərir. Həmçinin rəsmi elektron poçt vasitəsilə daxil olan müraciətlər də müvafiq qaydada cavablandırılır.

 

Eyni zamanda, regionlarda yerləşən filiallarımız vətəndaşların birbaşa müraciət edə bilmələri üçün şərait yaradır və onların məşğulluq məsələləri ilə bağlı ehtiyaclarına yerindəcə dəstək göstərir.

 

İdarə Heyətinin sədri kimi, mən də mütəmadi şəkildə vətəndaş qəbulları həyata keçirirəm. Bu məqsədlə tez-tez regionlara səfərlər edir, vətəndaşlarımızı narahat edən məsələləri yerindəcə dinləyirəm və bu problemlərin həlli istiqamətində müvafiq addımlar atılır.

 

- Məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi barədə nə deyə bilərsiniz?

 

- Agentlik 20-dən çox xarici ölkə və təşkilatla nəticəyönümlü əməkdaşlıq qurub. Çoxlu sayda xarici ölkə ilə imzalanmış əməkdaşlıq sənədləri (Anlaşma memorandumları, Fəaliyyət planları) çərçivəsində tərəfdaş məşğulluq orqanları ilə əməkdaşlıq edilir və təcrübə mübadiləsi həyata keçirilir. Beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramları icra olunur. İndiyədək Agentlik 20-dən çox beynəlxalq mükafata layiq görülüb.

 

Cari ilin may ayında keçirilmiş Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) Dünya Konqresində agentlik səs çoxluğu ilə WAPES-in İdarə Heyətinə üzv seçilib və bununla bir ilkə imza atıb. Agentlik bu mötəbər təşkilatda məşğulluq sahəsində qlobal qərarların verilməsində birbaşa iştirak etmək hüququ qazanıb. Bu uğur həm ölkəmizdə məşğulluq sahəsində həyata keçirilən islahatlara verilən beynəlxalq dəyərin, həm də agentliyin qlobal əmək bazarında fəal iştirakının göstəricisidir. Agentliyin WAPES-in İdarə Heyətinə üzv seçilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıqda və məşğulluq sahəsindəki nüfuzunun bir göstəricisi olmaqla yanaşı, ölkəmizin bu sahədə qlobal səviyyədəki strateji mövqeyini daha da gücləndirəcək. Bu təmsilçilik Azərbaycanı qlobal əmək bazarının tənzimlənməsi və inklüziv məşğulluq tədbirlərinin təşviqi sahəsində vacib qərarların qəbulunda birbaşa iştirak etməyə imkan yaradacaq.

 

Ümumiyyətlə, Agentlik olaraq dünyanın ən qabaqcıl təcrübələrini izləyir və ölkəmizdə məşğulluq sisteminin daha da təkmilləşdirilməsi üçün bu təcrübələrdən faydalanırıq.