Türkiyə

Azərbaycan və Türkiyə arasında tarixi dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər daim möhkəmlənməkdədir. Siyasi, iqtisadi və sosial sahələrdə bir çox əməkdaşlıqlar qurulmuş və hər iki Respublika da bu əlaqələr işığında diplomatik əlaqələri davam və daha da inkişaf etdirməkdədir.

 

1995-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanan əməkdaşlıq Protokolunun imzalanması ilə Respublikalarımız arasında əmək və sosial sahələrlə bağlı əməkdaşlığın ilkin hüquqi bazası yaranmışdır. Bundan əlavə, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair Prosedur Müqavilə”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Saziş” ilə bu əlaqələr daha da möhkəmlənmişdir və yeni tərəfdaşlıqların yaranmasına zəmin yaradılmışdır.

 

2022-ci ilin may ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın İstanbul şəhərində 10-cu iclası keçirilmiş və eyni adlı Protokol imzalanmışdır.

 

Protokolun tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) ilə Türkiyə Respublikasının Məşğulluq Xidməti (“İŞKUR”) arasında 2022-2023-cü illər üçün Fəaliyyət Planı imzalanmışdır. Sözügedən Fəaliyyət Planı çərçivəsində məşğulluq qurumlarının elektron bazası və elektronlaşdırılma sahəsində, COVID-19 pandemiyasının səbəb olduğu böhrandan “öyrənilən dərslər” barədə, sosial cəhətdən həssas qruplara aid olan şəxslərin və uzun müddət işsiz olan şəxslərin məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən aktiv əmək bazarı tədbirləri və faydalı təcrübələrə dair məlumat mübadiləsinin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfərlərin təşkil edilməsi nəzərdə tutulur.