Beynəlxalq Əmək Təşkilatı

Beynəlxalq Əmək Təşkilatı (BƏT) beynəlxalq sferada əmək məsələlərini tənzimləyən Birləşmiş Millətlər Təşkilatının qurumlarından biridir. Azərbaycan Respublikası 1992-ci il 12 may tarixindən etibarən bu təşkilatın üzvüdür  və onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.


Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Əmək Təşkilatı ilə əmək məsələlərinin təkmilləşdirilməsi, o cümlədən məşğulluğun artırılması barədə müntəzəm olaraq əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Bununla əlaqədar olaraq, Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq Əmək Təşkilatının təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda, görüşlərdə iştirakı təmin olunur və müvafiq olaraq Beynəlxalq Əmək Təşkilatının məşğulluğun inkişafı ilə bağlı tövsiyələri və layihələri diqqət mərkəzində saxlanılmaqdadır.


Bildirmək istərdik ki, davamlı olaraq Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasının qoşulmadığı konvensiyaları araşdırılmış və siyahı hazırlanmışdır. Onlardan “Evdən İşləmək Konvensiyası” C177 pandemiya vəziyyətini də nəzərə alaraq çox önəmli məsələləri əhatə edir. Bundan əlavə, C181 Konvensiyası Özəl Məşğulluq Xidmətlərinin yaradılmasına və fəaliyyətinə icazənin təşkil edilməsini dəstəkləyir.   Konvensiyaların ratifikasiya imkanları müntəzəm olaraq araşdırılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi ilə koordinasiyalı şəkildə iş aparılması üçün razılığa gəlinmişdir.