İşədüzəltmə vasitəçilərinin reyestri

Xidmət haqqında qısa məlumat

Bu xidmət Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin elektron qaydada aparılması, həmin hüquqi şəxslərə dair tələblərin müəyyən edilməsi və elektron qarşılıqlı məlumat mübadiləsinin aparılmasını özündə ehtiva edir.

Proses necə təşkil edilir?

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər “Elektron Hökumət İnformasiya Sisteminin” və ya “e-sosial” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək  və məşğulluq” altsistemində, yaxud da Dövlət Məşğulluq Agentliyinin veb səhifəsində reyestrlər bölməsindən işədüzəltmə vasitəçilərinin reyestri bölməsinə keçid etməklə “Müraciət - Ərizə”ni elektron formada doldururlar. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinə müraciət edən şəxs qanunvericilik üzrə tələblərə uyğun olduqda, reyestrə daxil edilir və hüquqi şəxsin reyestrə daxil edilməsi ilə bağlı elektron məktub ünvanlanır. Hüquqi şəxs qanunvericilik üzrə tələblərə uyğun olmadıqda, uyğunsuzluqlar göstərilməklə bağlı məlumat şəxsə elektron məktubla ünvanlanır. Reyestrə daxil edilmiş hüquqi şəxslərlə "İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 05 aprel 2019-cu il tarixli 1905000016 nömrəli Kollegiya Qərarına əsasən elektron məlumat mübadiləsi aparılır. 

 

 

Kimlər müraciət edə bilər?

Yalnız hüquqi şəxslər.

 

 

Hansı hallarda cərimə tətbiq edilir?

Qanunun 14-cü maddəsinin tələblərini pozmaqla işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş aşağıdakı məsuliyyətləri daşıyırlar.

Maddə 576. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması
576.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan göstərilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir.
576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı mediada doğru olmayan məlumatların yayılmasına görə-beş yüz manat məbləğində cərimə edilir.
576.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
576.4. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə -beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.