Nazirlik və Agentliyin əməkdaşlarına vətəndaşlarla iş və qarşılıqlı fəaliyyət üzrə təlim keçirilib

“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin müvafiq sahə üzrə fəaliyyət göstərən işçi heyətinə effektiv ünsiyyət, vətəndaşlarla iş və qarşılıqlı fəaliyyət üzrə təlim keçirilib.

 

Məqsəd layihənin icrası prosesində vətəndaşlara daha yüksək və keyfiyyətli xidmətin göstərilməsidir.  Üç gün davam edən təlimdə ünsiyyət bacarıqlarının artırılması, vətəndaş qəbulu zamanı onlarla ünsiyyət qurulması və s. barədə iştirakçılar maarifləndirilib, onlara geniş məlumatlar verilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində bu günədək 5366 işsiz şəxsə aktivlər verilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb. Layihə üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.