Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ülvi Abasquliyev və Nihad Muxtarlı Vətən müharibəsi şəhidləri Kamran Tağıyev və Hilal İmanzadənin ailələrini ziyarət ediblər.
Görüşdə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə qəhrəman Vətən övladlarının şücaətlərindən bəhs olunub. Şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Kamran Tağıyev 2020-ci il oktyabrın 31-də Tərtər rayonunun Talış kəndi istiqamətində hərbi əməliyyatlar zamanı, Hilal İmanzadə isə 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kamran Tağıyev "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", Hilal İmanzadə isə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Hər iki şəhidin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub, həmin ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödənişlər təyin edilib. Həmçinin şəhid Kamran Tağıyevin ailəsi mənzillə təmin edilib və şəhid Hilal İmanzadənin ailəsinə də yaxın vaxtlarda mənzil təqdim olunacaq.
Şəhid ailələrinin məşğulluq məsələlərinin həllinə də dəstək göstərilir. Belə ki, şəhid Kamran Tağıyevin anası Gülnarə Tağıyeva və şəhid Hilal İmanzadənin atası Sabir İmanov Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işlə də təmin ediliblər.
Görüşlərdə hər iki şəhidin ailələrinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.