Bu həftə keçirilmiş əmək yarmarkalarında 420-dən çox vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu həftə Xankəndi şəhərində, Saatlı və Siyəzən rayonlarında əmək yarmarkaları təşkil edib.
 

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 45 işəgötürən iştirak edib və 420-dən çox vakansiya təqdim olunub.
 

Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Agentliyin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi Saatlı və Xankəndidə, Mərkəzi Karyera filialı isə Xankəndidə keçirilmiş yarmarkalarda öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmçinin həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.