Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Azərbaycan-Türkiyə əməkdaşlığı günü-gündən möhkəmlənir, hər sahədə inkişaf edir. Biz də öz növbəmizdə bu əməkdaşlığın əmək bazarı, məşğulluq sahələrində də inkişaf etdirilməsi istiqamətində çalışırıq”.
Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) üzvləri ilə baş tutan görüşdə vurğulayıb.
Tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verən Cəmaləddin Quliyev qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşə hazırlığının təmin edilməsi, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması istiqamətində yeni layihələr üzərində çalışır və bu istiqamətdə yeni tərəfdaşlarla əməkdaşlıq etməkdə maraqlıdır.
MÜSİAD-ın Azərbaycandakı fəaliyyəti zamanı yerli mütəxəssislərin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi proqramlar, iş prinsiplərinə diqqət çəkən İdarə Heyəti sədrinin birinci müavini Sait Yınanc Dövlət Məşğulluq Agentliyi ilə olan əməkdaşlığın hər iki tərəf, ümumilikdə hər iki ölkə üçün faydalı olacağına əmin olduğunu bildirib.
Görüşdə mümkün tərəfdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq prespektivlərinin müzakirəsi üçün qısa müddətdə işçi qruplarının yaradılacağı və bu istiqamətdəki növbəti görüşlərin təşkil ediləcəyi qeyd edilib.
Xatırladaq ki, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi 1990-cı ildən bəri dünyada 11.000 üzvü ilə, təxminən 1.6 milyon şəxsə iş imkanı verən Qeyri-Hökumət Təşkilatıdır. MÜSİAD Azərbaycan 2018-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Hazırda müxtəlif sahələrdən olan 55 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verir.