Türkiyə ilə məşğulluq sahəsində əməkdaşlıq genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfər edib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) baş direktoru Samet Güneş və qurumun müvafiq struktur bölmələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə İŞKUR tərəfindən icra olunan məşğulluq tədbirləri, əmək bazarı proqramları, rəqəmsal xidmətlər və işəgötürənlərlə əməkdaşlıq mexanizmləri barədə təqdimatlar olunub, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Agentlik nümayəndələri də ölkəmizdə məşğulluq sisteminin modernləşdirilməsi, həyata keçirilən islahatlar və rəqəmsallaşma prosesləri barədə məlumat veriblər.

 

Müzakirələr zamanı iki ölkənin məşğulluq qurumları arasında mövcud tərəfdaşlığın qardaş dövlətlər üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Birgə layihələrin icrası, təlim proqramlarının təşkili, işçi heyətinin peşəkar inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub.