Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi yeni “Peşəkar” layihəsinə start verir. “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə çərçivəsində işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstək göstəriləcək.
“Peşəkar” layihəsi çərçivəsində ilk belə əməkdaşlıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə baş tutacaq. Belə ki, möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin və iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə İT sahəsi üzrə birgə təlim kursu keçiriləcək.
Kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında ADNSU nəzdində təsis edilən və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil ediləcək.
Layihəyə müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunacaqlar. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara İT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilməsi nəzərdə tutulub.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və iş ilə təmin olunmalarına dəstək göstəriləcək.
Layihəyə qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.