“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” Proqramının Azərbaycan komponenti başa çatıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi proqramı çərçivəsində Azərbaycan komponenti üzrə yekun konfrans təşkil edilib.  

 

Konfransda İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Turizm Agentliyi / Azərbaycan Turizm Bürosu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Aqrar İnnovasiyalar Mərkəzi, Nəqliyyat Təlim-Tədris Mərkəzi və bir sıra digər dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

Dövlət müəssisələri ilə özəl sektor tərəfdaşlığının və Texniki Peşə Təhsili və Təliminin əhəmiyyətinin qeyd olunduğu tədbirdə Azərbaycanda 383 Mikro, Kiçik və Orta Müəssisə və startapı əhatə edən layihə çərçivəsində əldə olunan nəticələr də açıqlanıb. Belə ki, Dövlət Məşğulluq Agentliyi ilə birgə 7 uzunmüddətli və 14 qısamüddətli, səriştə əsaslı peşə ixtisaslar hazırlanıb, 600-dən çox tələbə duala bənzər kurslara daxil olub. Bundan başqa 296 tələbə işlə təmin olunub, 373 müəllim və Peşə Təhsili və Təlimi (PTT) işçisi təlimlər alıb və 177 özəl müəssisə ilə PTT məktəbləri arasında əməkdaşlıq qurulub.

 

Tədbirdə, həmçinin, özəl sektorun və texniki peşə təhsilinin inkişafı istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanın turizm, logistika, nəqliyyat və kənd təsərrüfatı sektorlarında əldə edilən mühüm nailiyyətləri vurğulanıb.

 

“Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi (PSD TVET SC)” Proqramı Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) tərəfindən və Avropa İttifaqı ilə birgə maliyyələşdirilib və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən 2017-2023-cü illər ərzində Cənubi Qafqazın üç ölkəsində həyata keçirilib. Proqram turizm, kənd təsərrüfatı, logistika və nəqliyyat sektorlarına hədəflənərək dayanıqlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması məqsədini daşıyır.